828 info@gubre.az

Min illərdir ki, kainatda həyat anlayışı müxtəlif maddələrin kimyəvi birləşmələrinin hesabına dövr edir. Sadə bir misal çəkməli olsaq, həyat mənbələrimizdən biri olan suyun hidrogen və oksigen elementlərinin atomlarından təşkil olunduğunu xatırlaya bilərik. Təbiətdə yer alan maddələrin canlılar aləmi üçün əvəzsiz faydalarının olması haqqında kəşf olunan məlumatlar zaman keçdikcə bu və ya oxşar maddələrin fərqli formatlarda yaradılmasına gətirib çıxardı. Beləliklə, günümüzdə müvafiq elementlər təbabətdə, sənayedə, kənd təsərrüfatında və s. kimi sahələrdə sınaqdan keçirilərək geniş formada tətbiq olunmağa başladı.

Hazırda, ətrafda təbii halda və ya sonradan insan amilinin müdaxiləsi sayəsində yaradılan Mendeleyev dövri sisteminin oksigen, karbon, kalium, kalsium, fosfor, dəmir və s. kimi bütün elementlərinə rast gələ bilərik. Canlılar aləmi üçün, xüsusən də məməlilər arasında həyati əhəmiyyətə malik maddələrdən biri də karbamiddir.

Bu məqalədə: Karbamid nədir? Onun canlı orqanizmlər üçün rolu, nə işə yaradığı, karbamid gübrəsi, tərkibi və faydaları haqqında məlumatlara ətraflı nəzər yetirəcəyik.

Karbamid Nədir?

Kimyəvi formulu NH₂CONH₂ şəklində olan karbamid kənd təsərrüfatından sənayeyə qədər müxtəlif sektorlar üçün mühüm rol oynayan əsas kimyəvi birləşmələrdən biridir. Kimyəvi formuluna nəzər salsaq karbamid: karbon, azot, hidrogen və oksigen atomlarından ibarət sadə üzvi birləşmədir. Otaq temperaturunda ağ, kristal bərk formada mövcuddur. Su, etanol, maye ammonyak kimi polyar həlledicilərdə asanlıqla həll olsa da, alkanlar, xloro-form kimi qeyri-polyar həlledicilərdə isə həll olmur.

Karbamidin Rolu və Tətbiqi

İlk olaraq qeyd edək ki, karbamid insan orqanizmində artıq qalan azotun atılması üçün vasitəçi rolunu oynayır. Zülallar maddələr mübadiləsi zamanı parçalandıqda, azot komponenti ammonyak şəklində buraxılır. Ammonyak çox zəhərli olduğu üçün bədəndə toplanmasına icazə verilmir. Qaraciyər karbamid dövrü kimi tanınan bir sıra biokimyəvi reaksiyalar vasitəsilə ammonyakı karbamidə çevirir. Karbamid daha sonra böyrəklərə daşınır və sidik vasitəsilə ifraz olunur. Beləliklə, bədəndən artıq azot effektiv şəkildə xaric olunur. Bu proses orqanizmin azot balansını qorumaq və ammonyak zəhərlənməsinin qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, karbamidin bir çox dolayı yollarla müxtəlif sahələrdə tətbiqi insan həyatı üçün öz müsbət təsirlərini göstərir.

Karbamidin Kimya Sənayesində Tətbiqi

Karbamid müxtəlif kimyəvi proseslərdə xammal kimi istifadə edilən çox yönlü kimyəvi birləşmədir. Günümüzdə qatranlar, yapışdırıcılar, plastiklər və əczaçılıq məhsulları da daxil olmaqla bir çox mühüm kimyəvi maddələrin və məhsulların hazırlanmasında karbamidin rolu böyükdür.

Karbamiddən Qış Aylarında İstifadə

Karbamid suda həll edildiyi zaman istilik əmələ gətirmə xüsusiyyətinə sahibdir. Bu baxımdan da karbamiddən soyuq iqlimlərdə yollar və səkilər üçün buzdan təmizləyici vasitə olaraq da istifadə olunur. Buzlu səthlərə yayıldıqda buz və qarın əriməsini təmin edir ki, nəticədə qış aylarında təhlükəsizlik və hərəkətlilik tənzimlənir.

Karbamidin Sənayedə Və Hərbidə Tətbiqi

Karbamid müxtəlif sənaye sahələrində və müdafiə sistemlərində partlayıcı maddələrin istehsalında komponent kimi istifadə olunur. Karbamid həmçinin maşınqayırma sənayesində zərərli tüstülərin, atmosferə buraxılan zərərli qazların neytrallaşması istiqamətində də tətbiq edilir.

Kənd Təsərrüfatında Karbamid Gübrəsindən İstifadə

Karbamid bir çox canlıların həyatında böyük rola sahib olduğu kimi, bitkilər üçün də əsas qida təlabatı olan azot mənbəyidir desək yanılmarıq. Karbamid gübrəsinin tərkibi özündə 46% azotu ehtiva edən CO(NH2)2 birləşməsindən ibarətdir. Məhz buna görə də, kənd təsərrüfatında karbamid gübrəsindən geniş şəkildə istifadə olunur. Bitkilər üçün effektiv qida mənbəyi olmasını, məhsuldarlığı, keyfiyyəti artırmasını, həmçinin, suda asanlıqla həll olması baxımından kənd təsərrüfatlarında arzuolunan nəticəni əldə etmək istiqamətində işlərin asanlaşdırmasını xüsusi qeyd etmək yerinə düşər. Torpağa tətbiq edildikdə, karbamid fermentlər və torpaq mikroorqanizmləri tərəfindən parçalanaraq ammonyak və karbon dioksidi buraxır. Ammonyak sonradan ammonium ionlarına və nitrat ionlarına çevrilir ki, onlar əsas qida maddələri kimi bitki kökləri tərəfindən qəbul edilir. Buna görə də, karbamid bitki böyüməsini təşviq edən və məhsuldarlığı artıran mühüm gübrə rolunu oynayır.

Geniş çeşidə malik keyfiyyətli gübrələr-ə göz atın!

Karbamid Gübrəsinin Faydaları 

Karbamid gübrəsinin tərkibində oksigen, karbon və hidrogen maddələri də var. Karbamid gübrəsinin hiqroskopik olması havada olan nəmliyi sürətlə özünə çəkməsini təmin edir. Azot bitkinin inkişafı və fotosintez üçün vacib olan amin turşularının, zülalların, nuklein turşularının və xlorofilin əsas tərkib hissəsidir. Mütəxəssislər tərəfindən tətbiqi şiddətlə tövsiyə olunan karmabid gübrəsinin bitkilər üçün faydaları çoxdur:

  • Bitki orqanizmində zülalların, fermentlərin və xlorofilin yaranmasında rolu böyükdür. 
  • Bitkilərdə yarpaqların, gövdələrin və budaqların inkişafı da daxil olmaqla, vegetativ inkişafı təmin edir.
  • Bitkilərdə məhsuldarlığı artırır.
  • Dənli bitkilər, taxıllar, tərəvəzlər, meyvələr və s. daxil olmaqla geniş çeşiddə məhsullarda istifadə edilə bilər.
  • Bitkilərdə quraqlığa, zərərvericilərə və xəstəliklərə, stresə qarşı müqavimətin artmasına kömək edir.
  • Ammonium əsaslı gübrələrdən fərqli olaraq karbamid torpağın turşululuq səviyyəsini zəruri olan balansda saxlayaraq bitkilər tərəfindən optimal qida qəbulunu təmin edir. Beləliklə, torpağın pH səviyyəsi dəyişməz olaraq qalır.

Karbamid Gübrəsinin Tətbiqi

Karbamid gübrəsinin tətbiqi zamanı gübrə əkilən bitkinin kökünə və ya toxumuna təmas edilmədən yerin altında qalmalıdır. Çünkü üst gübrə kimi istifadə edilməsi zamanı torpaqda qalan karbamiddə ammoniumun buxarlanması nəticəsində təxminən 30% azot itkisi baş verir. Həddindən artıq soyuq və ya isti hava şəraitində tətbiqi tövsiyə olunmur. Daha da aydınlaşdırsaq, ideal tətbiq temperaturu 15-20°C təşkil edir. Buna səbəb isə soyuq havalarda karbamidin torpağa daxil olmasının çətinləşməsidir. Yüksək həllolma qabiliyyətinə malik olan karbamid, damcı suvarma ilə köklərə və ya çiləmə üsulu ilə yarpaqlara tətbiq oluna bilər.

Karbamid Gübrəsi Nə Zaman Tətbiq Edilir?

Karbamid gübrəsinin ilin hər mövsümündə bitkilər üçün tətbiqi mümkündür. Karbamid gübrəsi payızda və ya əkilmədən əvvəl əsas gübrə kimi, yazda isə üst gübrə kimi də istifadə edilə bilər. Üst gübrə kimi tətbiq edilən karbamid gübrəsində azot itkisi çox olduğundan karbamid yağışdan əvvəl torpağa qarışdırılmalıdır.

Müxtəlif bitkilər üçün karbamid gübrəsinin tətbiq olunmasına zamanları:

  • Taxıllarda becərmə dövründə yağışdan əvvəl 
  • Meyvə ağaclarında çiçəklənmədən əvvəl və payızda
  • Üzüm bağında ilk dırmıqlamadan əvvəl
  • Tərəvəzlərdə yarısı əkildikdən 15 gün sonra, digər yarısı bar verdikdən sonra
  • Bağda yarısı əkin zamanı, digər yarısı isə dırmıqlamadan əvvəl

Qeyd etmək lazımdır ki, karbamid gübrəsi taxıl sahələrində yemləmə gübrəsi kimi də istifadə edilir. Ancaq unutmaq lazımdır ki, gübrə torpağın səthində qaldıqda parçalanaraq buxarlanır. Nəticədə gübrə tətbiqinin heç bir faydası olmur ki, bu isə fermerlərin maliyyə xərclərinin artmasına, məhsuldarlığın zəif olmasına gətirib çıxarır. Bu baxımdan da, karbamid gübrəsinin tətbiqi zamanı bəzi nüanslara diqqət yetirmək lazımdır:

  • Karbamid gübrəsinin torpaqda həll olaraq qarışmasını təmin etmək üçün yağışlı havalardan 1-2 gün öncə torpağa tətbiq edilməsi vacibdir.
  • Yağıntıların olmadığı zaman isə taxıl əkin sahələrinə perpendikulyar istiqamətdə yaşıl mala çəkilməsi uyğundur ki, bu metod həmçinin bitkilərin inkişafını daha da stimullaşdırır. 
  • Gübrə itkisinin qarşısını almaq üçün sahəni dərhal suvarmaq vacibdir.

Karbamid Gübrəsini Necə Əldə Etmək Olar?

Ölkəmizdə kənd təsərrüfatlarının karbamidə olan tələbatını qarşılamaq üçün 2019-cu ildə SOCAR-ın Karbamid zavodu fəaliyyətə başlayıb. Sözügedən zavod fermerlərin bol məhsul əldə etmək planlarına sürətli çatmağı intensivləşdirməklə yanaşı, həmçinin, ölkəmizdə qeyri-neft sektoru istiqamətində həyata keçirilən böyük layihələrdən biridir. Karbamid zavodu il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Qeyd edək ki, SOCAR Karbamid zavodunun məhsulları həm daxili həm də xarici bazarı təmin edir.

Zavodda istehsal olunaraq fermerlərin istifadəsinə verilən Socar karbamid gübrəsi yüksək keyfiyyətə sahib olması ilə fermerlər arasında məşhurdur. Sözügedən gübrə meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlər üçün həm açıq, həm də örtülü sahələrdə tətbiq olunur. Ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsi ilə gubre.az Socar karbamid gübrəsi satışını həyata keçirir. Şirkət tərəfindən fermerlər üçün müvafiq məhsulun əlçatanlılığının təmin olunması üçün aktual mövsümlərdə endirim kampaniyaları təşkil olunur. Eyni zamanda fermerlər üçün gubre.az satış nöqtələrində gübrə, toxum, bitki mühafizə vasitələrini və digər kənd təsərrüfatı məhsullarını, avadanlıqlarını fermer kartı vasitəsi ilə əldə etmək şansı yaradılır.

Karbamid Gübrəsinin Qiyməti

Karbamid gübrəsi qiyməti baxımından da fermerlər üçün əlçatanlılığı ilə seçilir. Belə ki, 1 kiloqram karbamid gübrəsinin qiyməti 0.5 azn-dən başlayaraq dəyişir. 

Son olaraq qeyd edək ki, istənilən növ toxum, gübrə, bitki mühafizə vasitələrinin tətbiqi zamanı mütləq şəkildə ilk addım olaraq becərilən ərazinin iqlimini, xüsusilə torpaq tərkibini, bitkinin qida tələblərini araşdırmaq və buna uyğun peşəkar mütəxəssislərlə birgə tədbirlər planını həyata keçirmək lazımdır. Əks halda becərilən torpaq sahəsi sıradan çıxır. Kiçik torpaq ərazisinin bərpa olunması üçün uzun illərin tələb olunduğunu nəzərə alsaq, ekspertlər bu nüansa mütəq şəkildə diqqət yetirilməli olduğunu vurğulayır. Növbəti mərhələdə fermerlər maliyyə itkisi və buna paralel olaraq keyfiyyətsiz və məhsuldarlığın aşağı olduğu məhsul yığımı ilə qarşılaşır. gubre.az ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verərək aqronom məsləhəti xidmətini də həyata keçirir. Fermerlər 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq müvafiq xidmətdən yararlana, mütəxəssislərin məsləhətlərindən faydalana bilərlər.

© 2020 - 2023 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az