Kənd təsərrüfatlarında bitkilərin qida ehtiyaclarını qarşılamaq üçün geniş şəkildə istifadə olunan bəsləmə vasitələrindən biri də fosfor gübrələridir. Bitkilərin sağlam və sürətli inkişafı üçün vacib olan, bir çox üzvi komponentləri özündə ehtiva edən fosfor gübrələri ilkin inkişaf mərhələsindən başlayaraq digər dövrlərdə də böyük rol oynayır. Beləliklə, çiçəkləmədən kök inkişafına, toxumun cücərməsindən meyvə formalaşmasına qədər bitki böyüməsinin bütün mərhələlərində fosfor gübrələrindən istifadə edilə bilər. Fosfor təbii şəkildə torpağın tərkibində yer alsa da, bəzən bu bitkinin inkişafı üçün kifayət etmir və yararlılıq dərəcəsi aşağı olur. Odur ki, müvafiq gübrənin tətbiqi zamanı qeyri-üzvi və üzvi fosforun birləşməsi sayəsində bitki qida ehtiyacını tam şəkildə qarşılaya bilir.

Fosforlu Gübrə Nədir?

Fosfor maddə olaraq bitkilərdə enerjinin ötürülməsi və hüceyrələrin bölünməsinin daha asan həyata keçirilməsi baxımından mühüm rol oynayır. Bu və digər faydalı xüsusiyyətləri baxımdan təsərrüfatlarda fosforlu gübrələrdən istifadə etmək məqsədəuyğundur. Fosforlu gübrələr tərkibində fosfor, azot və kalium kimi torpaq üçün faydalı elementləri özündə birləşdirir. Tərkibində torpağa və bitkilərə ziyanlı maddələr olmadığı üçün digər kimyəvi maddələr kimi torpaqda deformasiyaya səbəb olmur. Torpağın əsas strukturuna zərər toxundurmaması sayəsində torpaq uzun illər səmərəliliyini qoruyur.

Fosforlu Gübrələrin Faydaları

Kənd təsərrüftalarında və ümumilikdə bitki yetişdirilməsi zamanı fosfor gübrələri faydalılığının yüksək olması baxımdan mütəxəssislər tərəfindən tətbiqi daim şiddətlə tövsiyə olunur. Ən əhəmiyyətli faydalı xüsusiyyətlərini isə aşağıdakı formada sıralamaq olar:

  • Bitkilərin sağlam, sürətli böyüməsini və inkişafını təmin edir
  • Bitkilərdə enerji ötürülməsini intensivləşdirir
  • Torpağın bioloji və enerji mübadiləsini aktivləşdirir
  • Kök sisteminin formalaşmasını dəstəkləyir
  • Çiçəkləmə mərhələsində və meyvələrin formalaşmasında mühüm əhəmiyyət kəsb edir
  • Məhsuldarlığı artırır
  • Xəstəliyə qarşı müqaviməti artırır
  • Torpağa zərər toxundurmur

Bitkilərdə Fosfor Əskikliyinin Əlamətləri

Torpaq analizi apararaq, həmçinin, bitkilərin inkişafını kənardan müşahidə etməklə fosfor çatışmazlığının əlamətlərini ayırd etmək mümkündür. Fosfor çatışmazlığı yaranan bitkilərin əvvəlcə köhnə yarpaqları, sonra isə gənc yarpaqları tünd yaşıl rəngə boyanır. Eyni zamanda, gənc yarpaqlar inkişafını tamamlamaqda yəni böyüməkdə çətinlik çəkir. Qeyri-mövsümi vaxtlarda yarpaqların tökülməsi, həmçinin, meyvələrin yetişmədən tökülməsi də fosfor çatışmazlığının əlamətlərindəndir. 

Fosfor əskikliyi meyvə və tərəvəzlərdə necə müşahidə olunur?

Fosfor əskikliyi bitkilərdə ümumi əlamətlər kimi ortaya çıxsa da, bir çox bitkinin özünəməxsus fərqlənmə əlaməti ola bilər.

Almada Fosfor Əskikliyinin Əlamətləri

  • Yarpaqlar kiçilir, üzərində tünd yaşıl, bürünc və ya bənövşəyi ləkələr yaranır
  • Yarpaq gövdələri qırmızımtıl rəngə boyanır
  • Yarpaqlarda seyrəlmə müşahidə olunur
  • Köhnə yarpaqların kənarlarında tünd qəhvəyi nekroz əmələ gəlir
  • Yarpaqlar erkən tökülür
  • Çiçəklərin və meyvələrin sayı azalır
  • Meyvələrin böyüməsi dayanır, yetişmədən tökülür
  • Meyvələr tutqun rəngli və dadsız olur

Şaftalıda Fosfor Əskikliyinin Əlamətləri

  • Yarpaqlar əvvəlcə tünd yaşıl rəngə boyanır, xüsusilə soyuq havalarda qırmızı, bənövşəyi, qəhvəyi ləkələr müşahidə olunur
  • Yarpaqlar dikləşir
  • Köhnə yarpaqlar erkən tökülür
  • Ağacın böyüməsi zəifləyir

Gavalı, Ərik və Albalıda Fosfor Əskikliyinin Əlamətləri

  • Ağacın böyüməsi ləngiyir
  • Yarpaqlar tünd yaşıl rəngə boyanır, yarpaq gövdəsi və gənc tumurcuqlar isə bənövşəyi rəngə boyanır
  • Köhnə yarpaqlar erkən tökülür

Pomidorda Fosfor Əskikliyinin Əlamətləri

  • Yarpaqları sərt və dik olur, tünd yaşıl və ya mavi-yaşıl rəngə boyanır
  • Yarpaqların altındakı damarlar boyunca qırmızı-bənövşəyi rəngli ləkələr meydana çıxır
  • Yarpaqlar arxaya doğru bükülür
  • Köhnə yarpaqlar saralaraq, yaxud üzərində qəhvəyi-qara ləkələr meydana gələrək, erkən məhv olur
  • Meyvələr kiçik və sərt olur
  • Meyvələr yetişmədən saralır

Pambıqda Fosfor Əskikliyinin Əlamətləri

  • Böyümə yavaşlayır və yarpaqlar tünd yaşıl rəngə boyanır
  • Budaqlanma daha az və qısa olur
  • Çiçəklərin və qozaların sayı azalır

Kartofda Fosfor Əskikliyinin Əlamətləri

  • Yarpaqlar sərt və dik görünüşdə olur
  • Bitkinin böyüməsi yavaşlayır, meyvə kiçilir
  • Köhnə yarpaqlar yuxarıya doğru qıvrılır
  • Yarpaq kənarlarında nekrotik ləkələr əmələ gəlir
  • Yarpaqlar normal ölçüsündən daha kiçik olur
  • Köhnə yarpaqlar qəhvəyi rəngə boyanaraq, vaxtından əvvəl tökülür
  • Bəzən kök yumrularında qəhvəyi ləkələr meydana çıxır

Qarğıdalıda Fosfor Əskikliyinin Əlamətləri

  • Köhnə yarpaqlarda və gövdədə qırmızı-bənövşəyi rəng dəyişiklikləri müşahidə olunur
  • Gənc yarpaqlar tünd yaşıl rəngə boyanır
  • Köhnə yarpaqlar qıvrılır və erkən məhv olur
  • Gövdə nazikləşir və yetişmə gecikir

Taxılda Fosfor Əskikliyinin Əlamətləri

  • İnkişaf zəifləyir, gövdə qısalır və nazikləşir
  • Yarpaqlar tünd yaşıl və mavi-yaşıl rəngə boyanır 
  • Köhnə yarpaqlar uclarından başlayaraq saralır, solur, quruyur və erkən məhv olur
  • Sünbüllər kiçik, bəzən bənövşəyi qırmızı rəngdə olur

Fosfor Gübrəsinin Növləri

Fosforlu gübrələr kalium, fosfor və azot kimi elementlərin müxtəlif nisbətlərdə bir araya gətirilməsi ilə əldə edilir. Təsərrüfatlarda sözügedən elementlərin müxtəlif faiz səviyyələrində mövcud olduğu fosforlu gübrələrin fərqli növlərindən istifadə olunur. Gəlin, müvafiq gübrə növlərinə nəzər salaq.

DAP gübrəsi (Diammonium Fosfat)

Tərkibində azot və fosfor yer alan gübrədə elementlərin faiz səviyyələri müvafiq olaraq 18% və 46% təşkil edir. Fosforlu gübrələr arasında istifadəsi geniş yayılan bu növ suda asanlıqla həll olunma xüsusiyyətinə malikdir.

TSP gübrəsi (Üçqat superfosfat) 

Tərkibində 44-46% fosfor ehtiva edən bu üçqat super fosforlu gübrə suda asanlıqla həll olma xüsusiyyətinə malikdir. pH səviyyəsi 6,5 ilə 7,5 arasında olan torpaqlarda istifadə üçün uyğundur.

NP gübrəsi

Tərkibində hər birinin miqdarı 20% olmaqla azot və fosfor elementlərini birləşdirən bu gübrə növü ölkəmizdə və dünyada ən çox istifadə edilən, iki qidalı bitki bəsləmə vasitələrindən biridir. Meyvə və tarla bitkilərində istifadəsi uyğundur.

NPK gübrəsi

Tərkibindəki azot, fosfor və kalium sayəsində bitkilər üçün zəruri olan qida elementlərini birləşdirən bu gübrə növü fermerlərin geniş istifadə etdiyi bitki bəsləmə vasitələrindən biridir. Beləliklə, sözügedən gübrə növü bitkinin kök, gövdə, tumurcuq, budaq və meyvələrinin inkişafında, həmçinin, zərərvericilərə, xəstəliklərə, xarici təsirlərə qarşı davamlı olmasında böyük rol oynayır.

 MAP (Monoammonium Fosfat)

MAP tərkibində 11-12% fosfor və 22% azot elementlərini birləşdirən, suda həll olunan gübrə növüdür. Müvafiq bitki bəsləmə vasitəsi bitkilərin inkişafına müsbət təsir göstərir, məhsuldarlığı çoxaldır, kök sistemini gücləndirir, xəstəliklərə və zərərvericilərə qarşı davamlılığı artırır.

MKP gübrəsi (Mono Kalium Phospate) 

MKP gübrəsi xüsusilə azotun tətbiqindən qaçınıldığı dövrlərdə bitkilər üçün ən uyğun kalium və fosfor mənbəyidir. Tərkibində xlor, natrium və s. bitkilərə zərər verə biləcək digər maddələr yer almadığı üçün bütün növ bitkilərdə tətbiqi mümkündür.

Fosforlu Gübrələri Necə Tətbiq etmək olar?

İstənilən gübrə növünün tətbiqindən öncə mütəxəssislər torpaq analizinin aparılmasını tövsiyə edir. Bu torpağın pH səviyyəsinə, qida ehtiyaclarına uyğun gübrə növünün, normasının müəyyən olunmasını təmin edir. Eyni zamanda bu bitkinin keyfiyyətinə və məhsuldarlığında birbaşa rol oyanyır. Ölkəmizdə gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimiz üçün ödənişsiz aqronom məsləhəti layihəsini həyata keçirir ki, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilər. İndi isə gəlin görək, fosforlu gübrələr necə tətbiq edilir?

  • Fosfor gübrələrinin tətbiqinin ən asan və effektiv forması zolaq üsuludur.
  • Fosfor gübrəsi əkindən əvvəl və ya əkin zamanı torpaq dərinliyinə basdırılaraq tətbiq edilir.
  • Fosfor gübrəsi məhsul yetişdikdən sonra tətbiq edilməməlidir.
  • Fosfor nəmi udmaq xüsusiyyətinə malikdir. Odur ki, tətbiqi zamanı torpaqda rütubətliliyin lazımi səviyyədə olmasına diqqət etmək lazımdır. Əks halda bu münbitliyi və məhsuldarlığl azaldaraq, quraqlığa səbəb ola bilər.
  • Aşağı temperatur məhsulların böyüməsini və köklərin mənimsəmə qabiliyyətini azaldır. Yüksək temperaturda isə fosforun udulması azalır. Odur ki, gübrə tətbiqi zamanı temperatura nəzarət vacibdir.
  • Gübrənin toxum və ya köklərlə birbaşa təmasda olmamasına diqqət yetirilməlidir.

Fosfor gübrəsi meyvə və tərəvəzlərə necə tətbiq olunur?

  • Meyvələr üçün fosfor gübrəsi yarpaqlar töküldükdən və ya meyvə yığımımdan sonra tətbiq edilir.
  • Tərəvəzlərdə fosfor gübrələri əkin zamanı kök dərinliyi səviyyəsində tətbiq olunur.
  • Taxıllar üçün fosfor gübrələri əkindən əvvəl və ya əkinlə birlikdə tətbiq olunur.
  • Üzümlükdə fosfor gübrələri susuz şəraitdə azotla birlikdə ən geci yanvar-fevral aylarında, suvarma şəraitində isə azotun yarısı şum altına tətbiq edilir.

Fosforlu Gübrələrdə Nələrə Diqqət Edilməlidir?

Fosforlu gübrələr hərəkətsiz olduğu üçün onları kök dərinliyinə qədər tətbiq etmək lazımdır. Fosforlu gübrələr təsirediciliyini bir neçə il boyunca qoruyur. Suda həll olma qabiliyyəti yüksək olan çeşidlərə üstünlük verilməlidir. Bitki bəsləmə vasitələri arasında fosfor pH göstəricisindən ən çox təsirlənən elementdir. Bu səbəbdən turşulu torpaqlarda qələvi fosforlu gübrələrdən, qələvi torpaqlarda isə turşu fosforlu gübrələrdən istifadə edilməlidir. Tərkibində kaolin tipli gil olan torpaqlarda fosfor gübrəsinin miqdarının artırılması tövsiyə edilir.

Fosforlu Gübrələrdən İstifadə Zamanı Qoruyucu Üsullar Hansılardır?

Fosforlu gübrələrin tətbiqi zamanı fərdi mühafizə qaydalarına əməl edilməsi vacibdir. Belə ki, hazırlıq və tətbiq zamanı dəri ilə birbaşa təmasdan qaçınılmalı, əlcək və maska ​​kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Dəri və gözlərlə təmasda olduqda bol ilıq su ilə yuyulmalıdır. Yuyulma zamanı isə hər hansı kimyəvi maddələrin istifadəsi qəti şəkildə tövsiyə edilmir.

Fosforlu Gübrələrin Saxlanma Şəraiti Hansılardır?

Fosfor gübrələri birbaşa günəş işığından uzaq qaranlıq yerlərdə saxlanılmalıdır. Həmçinin, istehsalçı tərəfindən tətbiq edilən qablarda saxlanmalı, digər növ gübrələrlə qarışdırılmamasına diqqət yetirilməlidir.

Fosfor Gübrəsi Satışı

Mütəxəssislər ölkəmizdə torpaqların münbitliyini qorumaq, təsərrüfatların məhsuldarlığını artıraraq, yüksək keyfiyyətli məhsullar yetişdirmək üçün təyinatı üzrə, həmçinin, rəsmi sertifikatlarla istifadəsi təsdiqlənmiş bitki bəsləmə və qoruma vasitələrindən istifadə etməyi tövsiyə edir. Yüksək keyfiyyətli və münasib qiymətli fosfor gübrə çeşidlərini paytaxtımızda və bölgələrimizdə 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsindən əldə etmək mümkündür. Hazırda müştərilərə aşağıdakı çeşidlər üzrə fosfor gübrələri təqdim olunur.

Fermerlərimiz 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin, gubre.az veb saytından sifarişlərini həyata keçirə bilər.

© 2020 - 2024 Aqrar İnnovasiya və Təchizat Şirkəti
www.gubre.az
Whatsapp icon